Bərdədə keçmiş məcburi köçkünlərə peşə hazırlığı üzrə sertifikatlar təqdim edilib
21 may 2025 | 10:27
İşğaldan azad edilən ərazilərə qayıdan keçmiş məcburi köçkünlər peşə hazırlıqlarına cəlb olunur.
Peşə hazırlığı kursları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Bu məqsədlə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimlər keçirilib. Qısamüddətli kurslara cəlb edilən məcburi köçkünlər üçün "aqronom/texnik", "aşpaz", "avtomobil diaqnostikası və təmiri ustası", "baytar köməkçisi", "bərbər", "elektirik - qaz qaynaqçısı", "geniş profilli traktorçu - maşinist - təmirçi - çilingər", "kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər", "mühasib", "qazanxana maşinisti", "bağban dekorator", "isitmə - soyutma", "havalandırma sistemləri və avadanlıqları ixtisası" üzrə qısamüddətli təlimlər təşkil olunub.
Cari ildə Bərdə şəhərində məskunlaşan 164 məcburi köçkün bu təlimlərə cəlb edilib. Təlimlərin müddəti proqramların tələblərinə uyğun olaraq bir aydan üç ayadək müəyyən edilib. Təlim proqramları nəzəri biliklərin və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir.
Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilib.
Ümumilikdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər 8 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir. Proqram çərçivəsində 2024-cü ildə 215 nəfər, 2025-ci ilin geridə qalan dövründə isə 526 nəfər təlimlərə cəlb olunub.
Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək proqramda iştirak edə bilərlər.
Qeyd edək ki, bu gün Bərdə Peşə Təhsili Mərkəzində kursları uğurla başa vuran müdavimlərlə görüş keçirilib və onlara oxuduqları ixtisas üzrə sertifikatlar verilib.