Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub

14 sentyabr 2026 | 17:50

Sentyabrın 9-10-da Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” nın icrası çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə 16 iri sahibkarlıq subyektinə baş çəkiblər.
Səfər zamanı kənd təsərrüfatının inkişafı, mövcud istehsal imkanlarından səmərəli istifadə, məhsuldarlığın artırılması və qarşıda duran hədəflər barədə fikir mübadiləsi aparılıb. Bərdəli fermer və sahibkarlar dövlət tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirərək, aqrar sahənin inkişafına töhfə vermək üçün bundan sonra da fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Sentyabrın 11-də Bərdə Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat nümayəndələrinin və aidiyyəti idarə rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyənləşdirilən vəzifələr, Dövlət Proqramının rayonda icra vəziyyəti və növbəti mərhələdə görüləcək işlər müzakirə olunub.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında rayonda kənd təsərrüfatının inkişafı, əkin sahələrindən səmərəli istifadə və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu məqsədlə yaradılmış Qərargah tərəfindən fermer və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları məsələlərin operativ həlli, mövsümi işlərin əlaqələndirilməsi və sahibkarlarla işin səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov çıxışında Dövlət Proqramının aqrar sahənin inkişafı, müasir və innovativ yanaşmaların tətbiqi, istehsal potensialının artırılması və kənd yerlərində məşğulluğun genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Bərdənin kənd təsərrüfatı sahəsində mövcud potensialı qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün geniş imkanlar yaradır.
Daha sonra fermer və sahibkarların təklifləri dinlənilib, qarşılaşdıqları çətinliklər müzakirə olunub və növbəti dövr üçün hədəflər müəyyənləşdirilib. Bildirilib ki, Dövlət Proqramının icrası çərçivəsində rayonda 16 sahibkarlıq subyekti üzrə 22 təşəbbüs müəyyənləşdirilib və həmin təşəbbüslərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər