Bərdədə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi.
Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş geniş maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi şagirdlər və təhsil işçiləri arasında hüquqi maarifləndirməni gücləndirmək, korrupsiyanın fəsadları barədə məlumatlılığı artırmaq və vətəndaş məsuliyyətinin formalaşdırılmasına dəstək vermək olub.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon Təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı, eləcə də rayonun müxtəlif ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər korrupsiyanın cəmiyyətə, xüsusilə də təhsil sahəsinə göstərdiyi mənfi təsirlərdən bəhs ediblər. Bildirilib ki, şəffaflığın və hesabatlılığın təmin olunması, qanunların tələb etdiyi prinsiplərə əməl edilməsi ölkənin davamlı inkişafı üçün mühüm şərtdir. Vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə təkcə dövlət qurumlarının deyil, bütün cəmiyyətin, o cümlədən gənclərin birgə fəaliyyəti ilə mümkün ola bilər.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və iştirakçılar bu kimi maarifləndirici görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.






