Bərdədə maarifləndirici tədbir keçirilib
Bərdə Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2025-ci il tarixli, 744 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və digər aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.
Çıxışlarda əhalinin təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və mümkün risklərin qarşısının alınmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Tədbirlər Planında nəzərdə tutulan vəzifələr, nüvə və digər kütləvi qırğın silahlarının yarada biləcəyi təhlükələr, belə hallarda davranış qaydaları və profilaktik tədbirlər barədə məlumat verilib.Tədbirdə nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək şəraitlə bağlı qiymətləndirmə aparılması və dəyə biləcək zərərin minimallaşdırılması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsinin və əhalinin maarifləndirilməsi işinin davamlı aparılmasının vacibliyi qeyd olunub.






