Bərdədə mal-qaranı dövlət dəstəyi ilə sığortalamaq mümkündür – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Qarşıdan gələn qış mövsümü təkcə əkin sahələri üçün deyil, heyvandarlıq təsərrüfatları üçün də yüksək risk dövrüdür. Soyuq havalarda təsərrüfatları qızdırmaq üçün istifadə olunan qızdırıcılar bəzi hallarda yanğına və heyvanların tələf olmasına səbəb olur.
Digər tərəfdən, qışda yem tapmaq çətinləşdiyindən təsərrüfatlara vəhşi heyvanların hücumları qat-qat artır və bu da fermerlərə böyük zərər vurur.
Hər il, xüsusilə qış mövsümündə təsərrüfatlarda onlarla yanğın və vəhşi heyvan hücumu qeydə alınır. Fermerlər belə hadisələr nəticəsində yaranan maliyyə itkilərindən sığorta vasitəsilə qoruna bilərlər.
Mal-qara saxlayan fermerlər təsərrüfatlarındakı iribuynuzlu heyvanları Aqrar Sığorta Fondu vasitəsilə sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışlarla yanaşı, qoyun və keçilərin də sığortalanması mümkündür. Bu zaman sığorta haqqının yarısını fermerin əvəzinə dövlət ödəyir.
Azərbaycanda ən çox iribuynuzlu heyvan saxlanılan bölgələrdən biri də ölkənin aqrar mərkəzlərindən olan Bərdə rayonudur.
Rayonda ümumilikdə 110 min başdan artıq iribuynuzlu heyvan saxlanılır. Yuxarıda göstərilən şərtləri nəzərə alsaq, məsələn, Bərdə rayonunda qiyməti 1500 manat olan bir baş iribuynuzlu heyvanın bir il müddətinə sığortalanması fermerə 36 manata başa gəlir. Sığortanın ümumi haqqı 72 manat təşkil edir. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir.
Aqrar sığorta çərçivəsində iribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.
Bu hesabla Bərdədə 10 baş iribuynuzlu heyvanın ümumi sığorta dəyəri 15 000 manat təşkil edir və onların bir il müddətinə sığortalanması fermerə cəmi 360 manata başa gəlir.
Sığorta hadisəsi baş verdikdə ödəniş hesablanarkən müqavilədə nəzərdə tutulan 10 faizlik azadolma məbləği nəzərə alınır. Məsələn, sığorta dəyəri 1500 manat olan iribuynuzlu heyvan tələf olduqda 150 manat azadolma məbləği çıxılır və fermerə 1350 manat sığorta ödənişi verilir.
Sığorta dəyəri 1000 manat olan iribuynuzlu heyvan tələf olduqda isə 100 manat azadolma məbləği çıxılır və fermerə 900 manat sığorta ödənişi verilir.
Heyvanın illik sığortalanmasına çəkilən 36 manatlıq xərc – ayda cəmi 3 manat – heyvanın saxlanması üçün illik xərclərlə müqayisədə qat-qat aşağıdır və fermer üçün ciddi maliyyə yükü yaratmır.
Başqa sözlə, Bərdədə hər birinin dəyəri 1500 manat olan 10 heyvanın sığortalanmasına 360 manat ödəyən fermer, cəmi bir heyvan tələf olduqda belə, ödədiyi məbləğdən təqribən 4 dəfə çox sığorta ödənişi alır və fəaliyyətini davam etdirə bilir.
Xatırladaq ki, aqrar sığorta mexanizmi fəaliyyətə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən Bərdə rayonundakı təsərrüfatlara 371 min 044 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Belə ki, 31 baş heyvanın tələf olması səbəbindən fermer və təsərrüfatlara 123 min 357 manat ödənilib. Eləcə də bitkiçilik sığortası üzrə rayonda 490 hektar əkin sahəsinə dəymiş zərərlərə görə təsərrüfatlara 247 min 687 manat sığorta ödənişi həyata keçirilib.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.






