Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb

26 oktyabr 2023 | 16:22

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bərdədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Bərdə şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb. Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. DQİDK-nın sifarişi ilə çəkilmiş “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sağlam dövlət-din münasibətləri formalaşıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dini sahəyə xüsusi həssaslıqla yanaşırlar. İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verildiyini deyən V.İsayev Heydər Əliyev Fondunun dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynadığını diqqətə çatdırıb. Məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Dövlət Komitəsi tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Bərdə şəhərində təşkil olunan 3 günlük konfrans da bu amala xidmət edir. Eyni zamanda sədr müavini qeyd edib ki, müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəni müxtəlifliyi qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda fərqli din mənsublarına hörmət xüsusiyyətləri gücləndirilməlidir. Bu ənənənin qorunması məqsədilə Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıb. Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov çıxış edərək, ölkədə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu, müxtəlif dinlərin, məzhəblərin, xalqların fikir ayrılığı olmadan, dinc, qardaşlıq şəraitində yaşadığını bildirib. Qeyd edib ki, Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlər yüksək səviyyədə qorunur.

Tədbir çərçivəsində kitab sərgisi keçirilib.

Qeyd edək ki, konfrans oktyabrın 26 və 27-də davam edəcək.

Keçidlər