Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı ictimai müzakirə aparılıb.

17 sentyabr 2025 | 15:44
Qarabağ suvarma kanalının yenidən qurulması layihəsində işlərin sürətləndirilməsi və aidiyyəti qurumlarla əlaqələrin səmərəli təşkili məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında ictimai müzakirə keçirilib. Belə müzakirələrin əsas məqsədi layihə zonasında yaşayan əhalinin, eləcə də müvafiq sahə üzrə mütəxəssislərin fikirlərinin öyrənilməsi və nəzərə alınmasıdır.
Müzakirədə Bərdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rasim Mustafayev, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda şöbə müdiri Arzu Bağırov, əməkdaşları Tofiq Həsənov, İsgəndərova Könül, Əhmədova Nərmin, həmçinin kanalın keçdiyi kəndlərin icra nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər kanalın yenidən qurulmasının su itkilərinin azaldılması, suvarma təminatında yaranan problemlərin aradan qaldırılması, torpaqların meliorativ vəziyyətinin və ətraf mühitin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Daha sonra “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi ilə bağlı təqdimat keçirilib, layihənin texniki-iqtisadi göstəriciləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirin sonunda iştirakçıların səsləndirdiyi fikirlər nəzərə alınaraq müvafiq qeydlər aparılıb.
Xatırladaq ki, Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanıb.
Keçidlər