Bərdədə rəqəmsal inkişafın sürətləndirilməsi və elektron sənəd dövriyyəsinin tətbiqi ilə bağlı iclas keçirilib
18 sentyabr 2026-cı il tarixində Bərdə Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli, 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrlə bağlı iclas keçirilib.
İclasda RİHB aparatının məsul əməkdaşları, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və bələdiyyələr iştirak etmişdirlər.
İclasda Bərdə RİHB aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sadiq Xəlilov rəqəmsal inkişafın sürətləndirilməsi və elektron sənəd dövriyyəsinin tətbiqi, sənədlərin elektron qəbulu, yönləndirilməsi və icrasına nəzarətin gücləndirilməsi, həmçinin “myGov” vasitəsilə daxil olan vətəndaş müraciətlərinin operativ idarə olunması barədə məlumat verib.
RİHB aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Anar Bağırov isə RİHB aparatında istifadə olunan elektron sistemlər, rəqəmsal idarəetmənin imkanları və mövcud elektron resurslardan daha səmərəli istifadə imkanlarından danışıb.
Tədbirdə şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və aidiyyəti qurumların vahid rəqəmsal iş prosesinə cəlb olunması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib, məsul şəxslər və icra müddətləri müəyyənləşdirilib.






