Bərdədə “Sağlam həyat tərzi və fiziki aktivliyin təşviqi" mövzusunda maarifləndirici tədbir keçirilib
03 iyul 2026 | 15:05
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.3. bəndinə əsasən işləyən əhali arasında fiziki aktivliyin artırılması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə "Sağlam həyat tərzi və fiziki aktivliyin təşviqi" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Bərdə RMX PHŞ-nin ilkin səhiyyə xidməti üzrə müavini Peyman Bədəlzadə açaraq sağlam həyat tərzinin təşviqinin və profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb.
Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva sağlam həyat tərzinin təşviqinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib və bu istiqamətdə həyata keçirilən tədbirlərin əhalidə sağlam həyat tərzi mədəniyyətinin formalaşmasına xidmət etdiyini vurğulayıb.
Bərdə RİH yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova fiziki aktivliyin ailələrdə, xüsusilə qadınların sağlam həyat tərzinin formalaşmasındakı rolundan bəhs edib. Bərdə RMX-nın həkim-endokrinoloqu Sevinc Ağayeva fiziki aktivliyin ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmənin profilaktikasındakı rolundan danışaraq gündəlik hərəkətin sağlamlığa müsbət təsirlərini diqqətə çatdırıb. Həkim-fizioterapevt Şəlalə Kərimli isə müntəzəm fiziki aktivliyin həyat keyfiyyətinin yüksəldilməsi və sağlamlığın qorunmasındakı əhəmiyyətindən bəhs edib.
Sonda iştirakçılara sağlam həyat tərzi və fiziki aktivliyin təşviqinə həsr olunmuş maarifləndirici videoçarx təqdim olunub.






