Bərdədə “Sülh aylığı” çərçivəsində tədbir keçirildi
07 sentyabr 2026-cı il tarixində Bərdə Rayon İcra Hakimiyyəti və Bərdə Regional ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Bərdədə “Sülh aylığı” çərçivəsində tədbir keçirildi.
Tədbirdə Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi-böyük məsləhətçi Əlzamin İsayev, Bərdə RİH yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfurə Hümbətova, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktor müavini Səfər Əsgərli, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, ASAN xidmət Mərkəzi Vətəndaşların qəbulu işinin təşkili sektorunun baş mütəxəsisi Şamxal Yaqubov və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zöhrab Zöhrabbəyov qarşıdan gələn 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibəti ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin 21 avqust - 21 sentyabr tarixlərinin ölkədə “Sülh aylığı” elan edilməsi və bunun cəmiyyətimizdə sülh, qarşılıqlı hörmət, tolerantlıq və vətəndaş həmrəyliyi dəyərlərinin təbliği baxımından əhəmiyyətindən danışıb. O bildirib ki, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin əsas istiqamətlərindən biri cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam ictimai münasibətlərin formalaşdırılmasıdır. Qeyd olunub ki, bu cür tədbirlər əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsinə və vətəndaş məsuliyyətinin artırılmasına mühüm töhfə verir.
Daha sonra çıxış edənlər cəmiyyətimizdə sülhün, tolerantlığın və multikultural dəyərlərin qorunmasının cəmiyyətin davamlı inkişafı üçün vacibliyini qeyd edib, ailə institutunun möhkəmləndirilməsi, gənclərin sağlam düşüncə tərzində formalaşdırılması və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıblar.
Çıxışlarda Azərbaycanın sülhsevər dövlət siyasəti, ölkəmizdə müxtəlif din və mədəniyyət nümayəndələrinin qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşaması nümunə kimi göstərilib.






