Bərdədə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
09 sentyabr 2025 | 16:52
09 sentyabr 2025-ci il tarixində Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın və Bərdə Regional ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” (21 avqust – 21 sentyabr) çərçivəsində “Sülh naminə bir addım” adlı tədbir keçirilib.
Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Mehtiyeva, Bərdə Regional Asan Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə Regional Bölməsinin aparıcı məsləhətçisi Kəmalə Ağayeva, Bərdə rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Fidan Nəsiri, uşaq səfiri Kənan Əlizadə, komissiya üzvləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizin həyata keçirdiyi sülh təşəbbüsləri, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli sülhün əhəmiyyəti barədə geniş məlumat verilib, Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində bölgədə uzunmüddətli sabitlik və təhlükəsizlik üçün real imkanların yaradıldığı bildirilib.
Həmçinin gənclərin sülhün təbliği prosesində aktiv iştirakı, informasiya mühitində doğru məlumatlandırılmanın təmin edilməsi, sülh mövzusunda sosial layihələrin icrası və ictimai təşəbbüslərin təşviqi kimi məsələlər müzakirə edilib. Həmçinin, vurgulanıb ki, Ümummilli lider Heydər Əliyev məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bugünkü tərəqqimizin təməlini qoyub.






