Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə tut ipəkqurdunun bəslənilməsi davam etdirilir

20 may 2026 | 12:52
Bərdə rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan kümçülüyün inkişafı istiqamətində işlər uğurla davam etdirilir. Rayonun müxtəlif kənd və yaşayış məntəqələrində kümçülər tərəfindən tut ipəkqurdunun bəslənilməsi prosesi hazırda intensiv mərhələdə aparılır. Cari mövsümdə kümçülərə paylanılmış tut-ipəkqurdu toxumlarının düzgün qulluq və bəslənməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən mütəmadi maarifləndirici tədbirlər görülür.
Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və aidiyyəti qurumların dəstəyi ilə kümçülərə tövsiyələr verilir, ipəkqurdunun saxlanıldığı məkanlarda sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılır. Eyni zamanda kümçülərin yem bazası ilə təminatının gücləndirilməsi, mövcud tut bağlarına qulluq göstərilməsi və məhsuldarlığın artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Rayon üzrə kümçülər tərəfindən tut yarpağı ilə qidalanan ipəkqurdlarına gündəlik nəzarət edilir, onların sağlam inkişafı üçün lazımi şərait yaradılır. Kümçülər bildirirlər ki, dövlət tərəfindən göstərilən diqqət və dəstək bu sahəyə marağın daha da artmasına səbəb olub. Əldə olunacaq yaş barama məhsulunun ailə təsərrüfatlarına əlavə gəlir gətirəcəyi gözlənilir.
Qeyd edək ki, Bərdə rayonunda kümçülük ənənələrinin yaşadılması və bu sahənin inkişaf etdirilməsi kənd əhalisinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda rayonun bir sıra ərazilərində tut ipəkqurdunun bəslənilməsi prosesi uğurla davam etdirilir və mövsümün sonunda yüksək məhsuldarlığın əldə olunacağı proqnozlaşdırılır.
Keçidlər