Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə uşaqların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

06 oktyabr 2026 | 16:19
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinə əsasən Bərdə Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektoru, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektoru və Bərdə Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə uşaqlara qarşı hər cür zorakılığın qarşısının alınması və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirin məqsədi uşaqlara qarşı zorakılığın qarşısının alınması, uşaqların hüquqları və təhlükəsizliyi barədə maarifləndirmə işinin gücləndirilməsi, valideyn və müəllimlərin məsuliyyətinin artırılması, həmçinin uşaqlar üçün təhlükəsiz və sağlam mühitin formalaşdırılmasına diqqətin artırılması olub.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının, Bərdə Rayon Polis Şöbəsinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məktəbin rəhbərliyi və müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi-böyük məsləhətçi Əlzamin İsayev, məktəbin direktoru Teymur Həmidov, Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Fərid Şükürov, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli tərəfindən uşaqların hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlərə toxunulub.
Bildirilib ki, uşaqlara qarşı zorakılığın fiziki, psixoloji, cinsi və digər formalarının qarşısının alınması, belə halların vaxtında müəyyən edilməsi və qarşısının alınmasında valideynlərin, müəllimlərin, məktəb psixoloqlarının və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Uşaqların hüquqlarının qorunması, onların öz hüquqları barədə məlumatlandırılması və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi istiqamətində maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində uşaqlara qarşı zorakılığın formaları, zorakılığın qarşısının alınması yolları, uşaqların hüquqları və təhlükəsizliyinin təmin olunması ilə bağlı təqdimat nümayiş etdirilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və müvafiq tövsiyələr verilib.
Keçidlər