Bərdədə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək!” mövzusunda tədbir keçirilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdədə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan gənclərinə müraciətindən hazırlanmış videoçarx nümayiş olunmuşdur.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, onların milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə sədaqət ruhunda formalaşmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin əsas istiqamətlərindən biri gənc nəslin hərtərəfli inkişafına, onların sağlam, vətənpərvər və fəal vətəndaş kimi formalaşmasına şərait yaratmaqdır. Başçı sağlam gəncliyin sağlam gələcəyin təməli olduğunu diqqətə çatdırıb.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi xidmətə hazırlığı və bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumat verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Pərviz Sədrəddinov ali təhsil müəssisələrinə və ixtisas seçiminə dair gəncləri maraqlandıran məsələlər, düzgün peşə seçiminin əhəmiyyəti barədə ətraflı çıxış edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin rəisi polkovnik Nağı Cəfərov çıxış edərək hərbi xidmətə çağırış qaydaları və qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş, “Qarabağ” ordenli şəhidimiz Asəf Əsgərovun atası İlqar Əsgərov çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, Vətənə sədaqətdən bəhs etmiş və gənclərə dəyərli tövsiyələrini çatdırmışdır.
Daha sonra Vətən müharibəsi qazisi Dursun Mənaflı çıxış edərək keçdiyi şərəfli döyüş yolundan, Vətən sevgisinin gənclərin həyatında rolundan danışıb.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edib. Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzi və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Təhsil Sektorunun birgə hazırladığı bədii kompozisiya təqdim olunub.






