Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə "Vətənpərvərlik - ali mənəvi dəyərdir" mövzusunda geniş tədbir keçirilmişdir.

12 may 2022 | 12:20

"İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Milli Qəhrəman E.Kərimov adına şəhər 4 saylı tam orta məktəbin direktoru Tofiqə Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış sərgiyə və fotostendlərə baxışla başlamışdır. Tədbirdə Tofiqə Məmmədova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, vətənpərvəlik böyük məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq budur vətənpərvərlik. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Vətənə, torpağa sevginin, vətənpərvərlik tərbiyəsinin parta arxasında formalaşaraq möhkəmləndiyindən danışmış, nəticədə xalqımızı qalibliyə aparan, qələbələrə və uğurlara çatdıran  əsas amillərdən biri olduğunu xüsusi vurğulamış, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığının bu mənada əsl məktəb olduğunu önə çəkmişdir.
Mövzu ətrafında YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Əməkdar müəllim, rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, Birinci Qarabağ müharibəsi veteranı Gəray Əsədov, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin leytenantı Əziz  Məmmədov,  "Qarabağ" ordenli Vətən müharibəsi qazisi Dursun Manaflı, şəhid anaları Xuraman Naibova, Radə Qurbanova, İsmət Abışova çıxış etmişlər.
Tədbir boyunca vətənpərvərliyə həsr edilmiş video çarx və məktəblilərin rəqs, musiqi nömrələri, kompozisiyaları bir-birini əvəz etmişdir.

Keçidlər