Bərdədə “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib
12 noyabr 2025 | 15:54
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhərində “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Komitəsinin Yevlax regional bölməsinin müdiri Natiq Əfəndiyev 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. O bu qələbənin milli həmrəyliyin və ordumuzun qəhrəmanlığının nəticəsi olduğunu bildirib. 8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. N.Əfəndiyevin sözlərinə görə, Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrilib.
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov çıxışında Zəfər Gününün dövlət səviyyəsində qeyd olunmasının xalqımızın milli qürurunun ifadəsi olduğunu deyib. S.Qasımov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından da danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında vətənpərvərlik mövzusunun dini və mənəvi dəyərlərlə sıx bağlı olduğunu qeyd edib. O, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin həm də mənəvi birlik nümunəsi olduğunu vurğulayıb. Natiq Prezident İlham Əliyevin sərkərdəlik məharətindən və xalqımızın birliyindən bəhs edib. Bildirib ki, bu Qələbə Ümummilli Lider Heydər Əliyevin ideyalarının və dövlət başçısının qətiyyətli siyasətinin nəticəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Ramazan Hüseynov, şəhid anası Arzu Hüseynova, müharibə iştirakçısı Şahin Zeynalov, Bərdə rayon üzrə Gənclər və idman sektorunun müdiri Aydın Qasımov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov çıxışlarında gənclərə Vətənə sədaqət və milli dəyərlərə bağlı olmağı tövsiyə ediblər. Natiqlər Zəfər Gününün gənclər üçün örnək tarix olduğunu vurğulayıblar.
Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.






