Bərdədə Zəfər Gününə həsr olunmuş “Zəfər sədası” adlı təntənəli bayram konserti keçirilib
06 noyabr 2022 | 08:51
8 Noyabr-Zəfər Günü ilə əlaqədar Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbər və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə “Zəfər sədası” adlı təntənəli bayram konserti keçirilib.
Konsertdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.
Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Giriş nitqi ilə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibəti ilə təbriklərini çatdırıb.
Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin solistləri Əməkdar artist Anar Şuşalı, Televiziya Muğam Müsabiqəsinin qalibi Səbinə Allahverdiyeva, II Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, Əməkdar artist Almaz Orucova, VIII Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, Beynəlxalq və Respublika müsabiqələrinin qalibi Vaqif Təhməzov, Süleyman Süleymanov, Əməkdar artist Nərgiz Kərimova və Taleh Yahyayev, Səbinə Allahverdiyevanın ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları ifa olunub.
Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşğu ilə keçən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.