Böyük Göyüşlü kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
25 fevral 2023 | 12:15
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Böyük Göyüşlü kəndində həyata keçirilən tədbirlər, görülən işlər, qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rayon sakinləri tərəfindən edilən yardımlar barədə qısa məlumat verdi.
Son illər inzibati ərazi dairəsinin hər iki kəndi qazlaşdırılmış, elektrik şəbəkəsi Böyük Göyüşlü kəndində 35 faiz, Bala Göyüşlü kəndində 40 faiz kabelləşdirilib, 5,5 km uzunluqda Bala Göyüşlü-Böyük Göyüşlü yolu qum-çınqıl verilərək asfaltlaşdırma üçün hazırlanmış, Böyük Göyüşlü kəndində 8 km, Bala Göyüşlü kəndində 3 km kənddaxili yollar qum-çınqılla əsaslı təmir edilmişdir.
Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin ətrafında sıx birləşmiş, iqtisadiyyatın yüksəlməsi üçün bütün qüvvələrini səfərbər etmişlər.
2022-ci ildə inzibati ərazi dairəsində 100 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 33 sentner olmaqla 330 ton pambıq istehsal edilmişdir. 2023-cü ildə 90 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 32 nəfər fermer pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamışdır. 2022-ci ildə inzibati ərazi dairəsində 4 nəfər kümçü tərəfindən 24 qutu ipək qurdu götürülüb saxlanmış, hər qutudan 20 kq olmaqla 480 kq barama təhvil verilmişdir
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.