Cicimli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
12 may 2023 | 13:06
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Cicimli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, 2017-ci ildə Cicimli kəndinin də istifadə etdiyi Yeni Daşkənd-Umudalılar yolu tikilib, kəndin 1,5 km daxili yolları AzKİL təşkilatı tərəfindən qum-çınqılla əsaslı təmir edilib, 0,4 kv-luq elektrik xətlərinin təqribən 90 faizi kabelləşdirilib, kəndin ərazisindən keçən 0,5 km açıq dren-kanal lildən təmizlənib.
2022-ci ildə 98 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 3430 ton pambıq istehsal edilmişdir. İnzibati ərazi dairəsində 8 nəfər kümçü 25 qutu barama götürüb saxlamış, hər qutudan 40 kq olmaqla 1000 kq barama istehsal edilmişdir. 2023-cü ildə 51 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Möhübbət Alıyev Cicimli kəndinin içməli su ilə təmin edilməsi üçün 1 ədəd subartezian quyusunun qazılması, Suqra Məmtiyeva Cicimli kəndində yerləşən 120 şagird yerlik Qayalı kənd tam orta məktəbin binasının qəzalı vəziyyətdə olduğu üçün cari təmir olunması, Rahid Əhmədov Cicimli kəndinin kənarında yerləşən 30 hektar pay torpaqlarında şor sularının axıdılması üçün istifadə olunan 1 km uzunluqda dren kanalın lildən təmizlənməsi, Hüseyn Əliyev Cicimli kəndinin baş yolunda avtomobillərin sürətinin azaldılması üçün tramplin qoyulması, Mehdi Quliyev Cicimli kəndinin ərazisinə Tərtər rayonunun Çaylı kəndi istiqamətindən gələn 3 km uzunluqda suvarma arxının lildən təmizlənməsi və arxda suyun limitinin tənzimlənməsi, Rüfət Alıyev inzibati ərazi dairəsinin 2-ci Hacallı kəndində 30 hektar pay torpaqlarının suvarılmasında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.