Cumalar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Cumalar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Cumalar kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi tam yenidən qurulmuş, daxili yollar qum-çınqılla əsaslı təmir edilmişdir. Cumalar kənd tam orta məktəbin binası mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub, məktəbin hər iki korpusunda işiq sistemləri yenilənmiş, Cumalar kəndində telefon rabitə şəbəkəsi xətti çəkilmişdir.
2022-ci ildə 15,0 hektar sahədə pambıq əkilmiş, hər hektardan 36 sentner olmaqla 54 ton pambıq istehsal edilib.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.