Darğalar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.
09 noyabr 2023 | 11:59
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Darğalar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, kənd sakinlərinin də istifadə etdiyi 17,5 km Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolu yenidən qurulub, kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndin elektrik şəbəkəsi yenidən qurulub, yeni transformator quraşdırılıb, kənddən keçən açıq dren kanalın 1,3 km hissəsi lildən təmizlənib, kəndə sərnişin avtobusu marşurutu açılıb, sürətli GPON texnologiyalı internet-rabitə sistemi çəkilmiş hazırda qoşulma işləri yekunlaşmaq üzrədir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Qarakişi Məmmədov yay aylarında “Kəndin üstü” adlanan ərazidə 50 hektar pay torpaqlarının suvarma suyu ilə təminatında çətinlik yarandığı üçün 1 ədəd subartezian quyusunun qazılması, Məhərrəm Əsgərov özünə məxsus fərdi yaşayış evinin qarşısından keçən 10 kv-luq elektrik xəttinin 250 metr məsafədə qəzalı vəziyyətdə olduğu üçün yenisi ilə əvəz olunması, İsmayıl Rəfiyev işlə təmin olunması, Rəsul Əzizov yay aylarında kəndin aşağısında 40 hektar pay torpaqlarının suvarma suyu ilə təminatında çətinlik yarandığı üçün 1 ədəd subartezian quyusunun qazılması, Tamam Əsgərova nəvəsinə kəndin ərazisində fərdi ev ikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması, Fuad Vəliyev özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvan verilməsi, Sahib Şükürov kəndin 1 km uzunluqda daxili yollarının qreyderlə hamarlanması barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.