Dəymədağıldı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
13 dekabr 2023 | 13:01
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Öncə Ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Dəymədağıldı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə İnzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi tam kabelləşib və elektrik sayğacları smart tipli sayğaclarla təchiz olunub, telefon və internet şəbəkəsinin dirəkləri basdırılıb, kabeli çəkilib və 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Kəndin mərkəzində birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinə 2 ədəd bulaq kompleksi tikilərək istifadəyə verilmişdir. Kənddə suvarma üçün 4 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib və 1-nin yeri müəyyənləşdirilib. Kəndin 15 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 10 km dren kanalları lildən təmizlənib. 2023-cü ildə 105 hektar sahədə pambıq əkilmiş hər hektardan 35 sentner olmaqla 367,5 ton pambıq istehsal edilmişdir. 1 kümçü tərəfindən 6 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 31 kq olmaqla 186 kq barama istehsal edilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Vaqif Əhmədov Dəymədağıldı kəndinin 2 km uzunluqda baş yolunun asfaltlanması, Rasim Mahmudov kəndin internet ilə təminatının yaxşılaşdırılması və 1961-ci ildə tikilmiş, hazırda istismara yararsız vəziyyətdə olan 200 şagird yerlik Dəymədağıldı kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Əbülfət Əliyev kəndin “Əliş yeri” adlanan ərazisində 41 ha pay torpaqlarının suvarılmasında yay aylarında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, Bayram Kərimov kəndin “Məşədi Firidunluq” adlanan ərazisində 50 ha pay torpaqlarının suvarılmasında yay aylarında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, Rafiq Məmmədov kəndin ərazisində 101 fərdi yaşayış evinə xidmət edən 160 kv-luq elektrik transformatorunun gücünün az olduğu üçün daha güclü transformatorla əvəz olunması, Şahin Əliyev övladı Əlizadə Təhminənin xəstəliyi ilə əlaqədar müalicə xərclərinə köməklik göstərilməsi, Ruhiyyə Allahverdiyeva maddi vəziyyəti çətin olduğu üçün övladının təhsil xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.