DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Bərdədə ictimai dinləmə keçirib
08 avqust 2025 | 17:27
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Bərdə rayonunda yerləşən Qarabağ Regional DOST Mərkəzində “Həssas əhali qruplarına inklüziv yanaşma təcrübələri” mövzusunda ictimai dinləmə təşkil edib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə bölgədə fəaliyyət göstərən qurumların, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri iştirak ediblər.
İştirakçılara ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, habelə onların yaradıcı potensialının dəstəklənməsi istiqamətlərində aparılan işlər barədə məlumat verilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, onun İsmayıllı və Bərdədəki filiallarında həssas kateqoriyadan olan şəxslərin bacarıqlarının inkişafı, habelə onların psixo-pedaqoji dəstəklə təminatı üzrə aparılan işlər diqqətə çatdırılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib.
Sonda tədbir iştirakçıları Qarabağ “DOST Evi” şöbəsi ilə tanış olub, burada aparılan təlim prosesini izləyiblər.






