Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 19-da Bərdə rayonunda vətəndaşları qəbul edib. Qəbulda Bərdə və Ağdam rayonlarının sakinləri iştirak ediblər. Onların müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışla bağlı məsələlər üstünlük təşkil edib. Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.