Gündüz İsmayılov: "Dinin siyasiləşdirilməsi cəhdləri yaxın gələcəkdə Azərbaycanda ciddi problemə çevrilə bilməz"
27 oktyabr 2023 | 17:20
Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bərdədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfrans din xadimləri, ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə davam edib.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, yad dini idealogiyaların, dini radikalizm, fanatizmin mənfi təsirləri ilə mübarizədə dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələrdən bəhs edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım diqqəti Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək vandalizm aktları törətməsinə çəkib. Deputat, həmçinin hazırda Qarabağ ərazisində aparılan tikinti-quruculuq fəaliyyətindən, tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlərdən danışıb.
“Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib”. Çıxışına bu sözlərlə başlayan DQİDK sədrinin müavini Gündüz İsmayılov, eyni zamanda dövlət tərəfindən fərq qoyulmadan müxtəlif dini konfessiyalara göstərilən maddi dəstəkdən söhbət açıb. Bildirib ki, mütəmadi olaraq cənab Prezident İlham Əliyevin sərəncamları ilə dini qurumlara maliyyə yardımının göstərilməsi ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəkləməsinə, habelə cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə səbəb olur. Beynəlxalq və və dövlətlərarası münasibətlərdə din amilinin əhəmiyyətindən də bəhs edən G.İsmayılov vurğulayıb ki, dövlətimiz güclüdür və cəmiyyətin mütləq çoxluğu dünyəvilik tərəfdarıdır. Bu baxımdan dinin siyasiləşdirilməsi cəhdləri yaxın gələcəkdə Azərbaycanda ciddi problemə çevrilə bilməz.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar Məcidov mövzu ilə bağlı fikirlərini bölüşərək regionlarda dini maarifləndirmə xarakterli bu tip tədbirlərin keçirilməsinin müsbət nəticələri olduğunu bildiriblər.
Tədbir çərçivəsində maarifləndirici nəşrlərdən ibarət kitab sərgisi keçirilib, “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda sənədli film nümayiş etdirilib.
Üçgünlük regional konfrans müzakirələrlə yekunlaşıb.