Hacıəhmədli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.
15 noyabr 2023 | 11:55
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Hacıəhmədli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə İnzibati ərazi dairəsinin bütün kəndləri qazlaşdırılıb, kəndin 5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 3,5 km içməli su xətti çəkilmiş və küçələrdə 10 bulaq tikilmişdir. Kəndin ərazisindən keçən 15,5 km Mollaisalar-Vəliuşağı-Sərkarlar kəndlərarası yol yenidən qurulmuş və asvaltlaşdırılmış, yolun kənarları abadlaşdırılmış, ərazidə 5 min ədəd ağac əkilmişdır. Kənd qəbirsanlığında abadlıq işləri aparılmışdır. İçməli su üçün 1 ədəd artezian quyusu qazılmış, 620 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilmiş, məktəbin əlavə korpusu tikilmiş, ərazidə 250 şam ağacı, 10 palma və 400-ədəd gül kolları əkilmiş və yaşıllıqlar salınmışdır. Kənddə 21-elektrik dirəyi yenisi ilə əvəz edilmiş, 7 km elektrik xətti kabelləşdirilmişdir. 2000 ədəd yerli və 3300 ədəd xarici çəkil ağacı əkilmişdir. Kəndin giriş qapısı tikilmişdir. 53 km suvarma arxları və 28,6 km beton kanal, 9,2 km açıq dren kanal lildən təmizlənmişdir.
2022-ci ildə İnzibati ərazi dairəsində ümumilikdə 86 ha sahədə pambıq əkilmiş, hər hektardan 32.6 sentner olmaqla 280 ton pambıq tədarük edilmişdir. 2023-cü ildə isə 33 ha sahədə pambıq əkilmiş, hazırda yığım davam etdirilir. 5 kümçü tərəfindən 15 qutu barama bəslənilmişdir və 526 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Mənsur Abbaszadə Hacıəhmədli kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, İnzibati ərazi dairəsinin baş yolunun kənarlarında yol nişanlarının quraşdırılması, İsmayıl Rüstəmov torpaq islahatı keçirilərkən istifadəsinə verilmiş 2,36 ha pay torpağının sərhədlərinin dəqiqləşdirilməsi, Kifayət Talıbova İnzibati ərazi dairəsinin Otuzikilər kəndində tikintisi yarımçıq qalmış sahəsi 40 kv metr olan sahibkarlıq obyektinin sənədləşdirilməsi və yaşadığı fərdi yaşayış evinin həyətində qəzalı vəziyyətdə olan 2 ədəd 0,4 kv-luq elektrik dirəyinin yenisi ilə əvəz olunması, Asim Məmmədov fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, Şəfiqə Mustafayeva və Eldəniz Məmmədov hər biri yaşadığı fərdi yaşayış evlərinin həyətində qəzalı vəziyyətdə olan 1 ədəd 0,4 kv-luq elektrik dirəyinin yenisi ilə əvəz olunması barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.