Hacılar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
22 fevral 2023 | 09:22
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Hacılar kəndində həyata keçirilən tədbirlər, görülən işlər, qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rayon sakinləri tərəfindən edilən yardımlar barədə qısa məlumat verdi.
Son illər Hacılar kəndi qazlaşdırılmış, 5,3 km daxili yollar qum-çınqılla əsaslı təmir edilmiş, Hacılar-Hüseynalılar-Qaradırnaq kəndlərarası 3 km yol cari təmir edilmiş, qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin olunmuş, kəndin suvarma kanalları lildən təmizlənmişdir.
Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin ətrafında sıx birləşmiş, iqtisadiyyatın yüksəlməsi üçün bütün qüvvələrini səfərbər etmişlər.
2022-ci ildə kənddə 134 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 33 sentner olmaqla 442 ton pambıq təhvil verilmişdir. 2023-ci il üçün ərazidə 20 hektar pambıq əkilməsi nəzərdə tutulub, indiyədək 11 hektar sahədə pambıq əkilməsi üçün fermerlər istehsal müəssisələri ilə müqavilə bağlamış, yazlıq əkinlər üçün torpaqlar şumlanmış və hazırda arat aparılır. 2022-ci ildə kənd üzrə 1 nəfər kümçü 2 qutu barama götürüb saxlamış, hər qutudan 35 kq olmaqla ümumilikdə 70 kq barama istehsal etmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.