Həsənli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.
03 may 2023 | 12:26
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Həsənli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, kəndinin elektrik şəbəkəsi tam yenidən qurulmuş, elektrik xətləri kabelləşdirilmiş, kəndin daxili yolları qum-çınqılla təmir edilmiş, Həsənli kənd tibb məntəqəsi əsaslı təmir edilib, kənddə 0,7 km açıq dren kanallar lildən təmizlənmişdir.
2022-ci ildə 3,0 hektar sahədə pambıq əkilmiş, hər hektardan 38 sentner olmaqla 11,4 ton pambıq istehsal edilib.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Akif Əhmədov Yuxarı-Qarabağ kanalından Həsənli kəndinin ərazisinə çəkilmiş 24 hektar pay torpaqlarının suvarılmasına xidmət edən 10-cu paylayıcı kanaldan verilən suyun tənzimlənməsi üçün su qapısının qoyulması, Çingiz Hacıyev Həsənli kəndində özünə məxsus yaşayış sahəsinin qarşısından keçən 0,4 kv-luq elektrik xəttinin bağlandığı 1 ədəd dirəyin qəzalı vəziyyətdə olduğu üçün yenisi ilə əvəz olunması, Rəfiqə Hüseynova Vətən müharibəsinin iştirakçısı olan nəvəsinə özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qara verilməsi, I Qarabağ müharibəsinin 1-ci qrup əlili Bəhruz Məmişov Mirzəxan kənd həkim məntəqəsində ixtisaslı həkim çatışmazlığını bildirərək, yeni kadr təyin olunması, Malik Əmrahov Həsənli kəndinin 3 km uzunluqda daxili suvarma arxlarının lildən təmizlənməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.