Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizədə vətəndaş təşəbbüslərinin artırılması” layihəsi çərçivəsində növbəti tədbirini Bərdə şəhərində Mərkəzi Kitabxananın akt zalında keçirib.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov mövzunun aktuallığı və bununla bağlı maarifləndirmə tədbirlərinin vacibliyi barədə danışıb. O qeyd edib ki, rayon rəhbərliyi tərəfindən bu mövzularda mütəmadi olaraq maarifləndirmə işləri aparılır, məktəblərdə şagirdlərə lazımi məlumatlar verilir.
Layihənin rəhbəri, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev problemin aktuallığından və insan alveri cinayətlərinin dünyada yaratdığı fəlakətdən danışıb. O, bu mövzuda beynəlxalq və yerli statistikanı səsləndirərək, bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. İlham Əliyev insan alveri cinayətlərinin qarşısının alınması üçün vətəndaş həmrəyliyinə nail olunmasının vacibliyini söyləyib. Layihə rəhbəri qeyd edib ki, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.
HDİM sədri gəncləri internet saytlarından və sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb və qeyd edib ki, insan alveri qurbanları əsasən uşaqlar, gənclər və savadsız insanlar olur: “Valideynlər, xüsusilə, diqqətli olmalı, azyaşlı uşaqları sosial şəbəkələrdən uzaq tutmalı, gənclərə isə nəzarət etməlidir. Bu sahədə maariflənmə vacibdir, media və qeyri-hökumət təşkilatları bu işdə fəal olmalıdırlar. Diləndirilən uşaqlarla, cinsi və digər məqsədlərlə istismar olunan vətəndaşlarla bağlı müvafiq orqanlara məlumat verməlidirlər. Ən əsası isə valideynlər uşaqlarını bu hallarla bağlı məlumatlandırmalı və onlara daim nəzarət etməlidirlər”.
Dəyirmi masa iştirakçıları da öz fikirlərini səsləndirib, layihə ekspertlərinə suallar ünvanlayıb. Rayon ictimaiyyətinin nümayəndələri- rayon Gənclər və idman idarəsinin rəisi Aydın Qasımov, rayon sakinləri Leyla Bəxtiyarova, Samirə Xəlilova, Əli Əliyev, Ruhiyyə Əliyeva, Aynur Qarayeva, Mehriban Nabatova, Elmir Məmmədov və digərləri çıxış edərək bu sahədə maariflənmənin vacibliyini bildiriblər.
Sonda layihənin ekspertləri tərəfindən ictimaiyyət və media nümayəndələrini maraqlandıran suallara cavab verilib.
İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.