İkinci Qaradəmirçi kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
17 may 2023 | 15:01
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və İkinci Qaradəmirçi kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, kənddaxili 1,7 km yollar qum çınqılla təmir edilib, kənd klubu tikilib əhalinin istifadəsinə verilmiş, suvarma üçün 1 ədəd subartezian quyusu qazılmış, kəndin 3 km baş yolu asfaltlaşdırılmış, kənd qəbirstanlığına gedən yolda körpü tikilmiş, qəbirstanlığın girişində bulaq yaradılmış, 17 yerdə su kranı qoyulmuş, müxtəlif növ gül və yolka ağacları əkilmiş, Birinci Qaradəmirçi-İkinci Qaradəmirçi kəndlərarası 2,8 km yol asfalt-betonla tikilmişdir.
2022-ci ildə kənddə 7 hektar sahədə pambıq əkilmiş, hər hektardan 40 sentner olmaqla 280 ton pambıq istehsal edilmişdir. 1 nəfər kümçü 2 qutu barama götürüb saxlamış, hər qutudan 34,1 kq olmaqla 68,2 kq barama istehsal edilmişdir. 2023-cü ildə 5 hektar sahədə pambıq əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Laçın rayonundan olan məcburi köçkün Adıgözəl Fətəliyev kəndin ərazisində yaşadığı yardımçı tikiliyə təbii qaz çəkilməsi, Yasəmən İsmayılova fərdi yaşayış evinin yaxınlığından keçən ümumi uzunluğu 1,5 km olan suvarma arxının kol-kosdan və lildən təmizlənməsi, Nəzakət Fətəliyeva qohumu ilə aralarında torpaq mübahisəsinin aradan qaldırılması üçün köməklik göstərilməsi, İnzibati ərazi dairəsinin 1-ci Qaradəmirçi kənd mədəniyyət klubunun binasında məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün Dursun Nəsibova binanın damının qəzalı vəziyyətdə olduğu üçün təmir olunması, Elvin İsayev Vətən müharibəsinin iştirakçısı olduğunu bildirərək işlə təmin olunması, Osman İsmayılov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olduğunu bildirərək işlə təmin olunması, Azər Heydərov 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmağına baxmayaraq müharibə veteranı statusunun verilmədiyi, Günel Namazova Mingəçevir tibb kollecinin məzunu olduğunu bildirərək orta tibb işçisi kimi işlə təmin olunmağı, Zülayə Yahyayeva himayəsində 1-ci qrup əlilliyi olan övladına əlil arabası verilməsi, Elməddin Əliyev Vətən müharibəsinin iştirakçısı olduğunu bildirərək icarəsinə əkinə yararlı torpaq sahəsinin verilməsi, Hüseyn Məhərrəmov 2-ci Qaradəmirçi kəndinin ərazisində 2 ədəd avtobus dayanacağının quraşdırılması və maddi vəziyyətinin çətin olduğunu bildirərək birdəfəlik maddi yardım edilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.