Mehdili kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mehdili kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Mehdili kəndi qazlaşdırılıb, kəndin 8 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, kənddə olan 8 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, içməli su üçün 1 ədəd artezian quyusu qazılmış, 1 ədəd su qülləsi ucaldılmış, küçələrdə 15 ədəd bulaq quraşdırılmış, kəndin 04 kv-luq eletrik şəbəkəsi yenidən qurulub, 2013-cü ildə, 1 ədəd elektron ATS quraşdırılmış, illik gücü 2 min ton süd olan heyvandarlıq kompleksi, illik gücü 5 min ton olan ətkəsmə müəssisəsi və illik gücü 46 min ton olan qaba yem müəssisəsi tikilib, kəndin ərazisində 5 km açıq dren-kanallar lildən təmizlənib.
2021-ci ildə 40 hektar sahədə pambıq əkilmiş, hər hektardan 37 sentner olmaqla 148 ton pambıq istehsal edilib, 3 nəfər kümçü 10 qutu ipək qurdu bəsləmiş, hər qutudan 42 kq olmaqla 420 kq barama təhvil verilmiş, 2022-ci ildə 55 hektar sahədə pambıq əkilməsi barədə fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımına hazırlıq işləri aparılır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mehdili kənd sakinləri, Qurban Məmmədov əkin sahəsində işlədiyi zaman ehtiyatsızlıqdan yıxılıb xəsarət almış oğluna pensiya təyin edilməsinə köməklik göstərilməsi, Bəhrəm Bəhrəmov qəzalı vəziyyətdə olan Mehdili kənd tam orta məktəbi üçün yeni bina tikilməsi və kənddə içməli su probleminin olduğu, Fazil Mirzəyev kəndin Yeni məhlələr adlanan ərazisində yerləşən 20 fərdi yaşayış evinə təbii qaz çəkilməsi, Fatma Sadıqova qızının Mehdili kənd tam orta məktəbində işlə təmin olunması, Niyazi Kazımov kənddə internetin sürətinin aşağı olması, Möhübbət Alıyev kəndin kənarından keçən 800 metr uzunluğunda drenaj kanalın lildən təmizlənməsi, Arif Məmmədov kəndin ərazisində içməli su üçün 1 ədəd artezian quyusunun qazılması, Rəfayıl Ağayev 2023-cü ildə yeni tikiləcək Mehdili kənd tam orta məktəbin tikintisində fəhlə işi ilə təmin olunması, Fərrux Sadıqov Yuxarı- Qarabağ kanalından kəndin ərazisinə çəkilmiş 1,2 km uzunluğunda suvarma arxının lildən təmizlənməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, alinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.