Milli mətbuatımızın yaranması və inkişaf yolu
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Ulu Öndər Heydər Əliyev
“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
22 iyul 1875-ci ildə görkəmli ziyalı, maarifçi-publisist və təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoymuşdur. Bu hadisə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. "Əkinçi" cəmi iki il fəaliyyət göstərərək 56 nömrə nəşr olunsa da, milli mətbuat tarixində silinməz iz qoymuş, xalqın maariflənməsi, ana dilinin inkişafı, milli özünüdərk, azadlıq ideyalarının təbliği və demokratik düşüncənin formalaşmasında mühüm rol oynamışdır. Çar Rusiyasının təzyiqləri nəticəsində qəzetin nəşri dayandırılsa da, onun yaratdığı maarifçilik ənənəsi sonrakı dövrdə daha da inkişaf etmişdir. "Əkinçi"nin ideyaları əsasında formalaşan "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" və digər qəzet və jurnallar Azərbaycan milli mətbuatının inkişafında, ədəbi dilimizin zənginləşməsində, milli şüurun və istiqlal məfkurəsinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. 1998-ci ilin avqustunda kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının ləğv edilməsi Azərbaycanın media tarixində dönüş nöqtəsi olmuşdur. Bununla yanaşı, medianın hüquqi bazası təkmilləşdirilmiş, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, jurnalistikanın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən də media siyasəti ardıcıl şəkildə davam etdirilmiş, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" qəbul edilmiş, medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Müasir dövrdə rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı media sahəsində yeni çağırışlar yaratmışdır. Bu baxımdan Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılmış, media islahatlarının institusional əsasları daha da gücləndirilmişdir. 2021-ci il 30 dekabr tarixində qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etmiş, media subyektlərinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və peşəkar jurnalistikanın inkişafına yeni imkanlar yaratmışdır. 2026-cı ildə media sahəsinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə Media və Yayım Şurasının yaradılması istiqamətində qanunvericilik dəyişiklikləri qəbul edilmişdir. Yeni mexanizmlər media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, dezinformasiyaya qarşı mübarizə və innovativ texnologiyaların tətbiqini nəzərdə tutur. Azərbaycan dövlətinin media siyasətində jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Son illərdə media subyektlərinə dövlət dəstəyi göstərilmiş, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Media nümayəndələrinin güzəştli ipoteka kreditlərindən istifadə imkanlarının genişləndirilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin fəxri adlarla və dövlət təltifləri ilə mükafatlandırılması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, 2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı təsis edilmişdir. Bu gün Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilmişdir. İnternet media, rəqəmsal platformalar və sosial şəbəkələrin sürətli inkişafı jurnalistikaya yeni imkanlar yaratmaqla yanaşı, yeni məsuliyyətlər də müəyyən etmişdir. Peşəkarlıq, obyektivlik, operativlik, milli maraqların müdafiəsi və etik prinsiplərə sadiqlik müasir Azərbaycan jurnalistikasının əsas fəaliyyət istiqamətləridir. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, süni intellekt texnologiyalarından səmərəli istifadə və təhlükəsiz informasiya mühitinin formalaşdırılması günümüzün əsas prioritetləri sırasındadır. Azərbaycan mediası Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, 44 günlük Vətən müharibəsi və postmüharibə mərhələsində də üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirmişdir. Jurnalistlər informasiya cəbhəsində ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, düşmən təbliğatının ifşa edilməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə vermişlər. Bu gün də media işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı və ölkəmizin inkişafı barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan mediası son illərdə beynəlxalq əməkdaşlığını daha da genişləndirmişdir. Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq, Birgə Media Platformasının fəaliyyəti və Şuşada keçirilən Qlobal Media Forumları beynəlxalq informasiya əməkdaşlığının inkişafına mühüm töhfə verir. 2023–2026-cı illərdə keçirilən Şuşa Qlobal Media Forumlarında dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media, informasiya təhlükəsizliyi, media etikası və sülh quruculuğunda medianın rolu kimi aktual məsələlər müzakirə olunmuşdur. Bu gün Azərbaycan mediası 150 illik zəngin ənənələrə söykənərək müasir çağırışlara uyğun inkişaf edir. Milli media dövlətçilik maraqlarının qorunması, cəmiyyətin operativ və obyektiv məlumatlandırılması, milli-mənəvi dəyərlərin təbliği, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.






