Mollagüllər kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mollagüllər kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Mollagüllər kəndi qazlaşdırılıb, kənddaxili 4 km yollar qum-çınqılla əsaslı təmir edilib, 3 km açıq dren kanal lildən təmizlənmiş, kəndin ərazisindən keçən avtomobil yolunun kənarları abadlaşdırılıb, kəndin aşağı gərginlikli elektrik şəbəkəsinin bir hissəsi kabelləşdirilib, kəndə sürətli internet verilib, kənd qəbirstanlığı abadlaşdırılıb (hasar çəkilib, çardaq tikilib, əraziyə içməli su çəkilib), Mollagüllər kəndini də əhatə edən 8 km uzunluqda Qarağacı-Mirzəcəfərli-Mollagüllər kəndlərarası avtomobil yolu yenidən qurulub və asafaltlanıb, kəndin bir hissəsinin həyətlərinə içməli su çəkilib.
2021-ci ildə 108 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 324 ton pambıq istehsal edilmiş, 3 nəfər kümçü 12 qutu barama götürmüş, hər qutudan 32 kq olmaqla 384 kq barama təhvil verilmişdir.
2022-ci ildə 114 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımına hazırlıq işləri görülür, 3 nəfər kümçü 14 qutu barama götürüb bəsləmiş, hər qutudan 30 kq olmaqla 420 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mollagüllər kənd sakinləri Seyfəddin Göyüşov Mollagüllər kənd ümumi orta məktəbin tam orta məktəbə çevrilməsi və yeni bina tikilməsi, Yusif Yusifov beton kanalda suvarma suyunun az olması, Qaraqız Göyüşova şəhid oğlunun portretinin böyüdülüb yeni tikilmiş yolun kənarında qoyulması, Mollagüllər kənd ümumi orta məktəbinin qarşısındakı şəhid bulağında suyun gəlməməsi, birdəfəlik maddi yardım göstərilməsi, Əlövsət Göyüşov oğlunun işlə təmin edilməsi, Şamo Piriyev həyətyanı torpaq sahəsi verilməsi, Ricay Göyüşov talassemiya xəstəliyi ilə bağlı əlillik dərəcəsi verilməsi, Xalidə Göyüşova uzun illər istifadə etdiyi həyətyanı torpaq sahəsinin həmkəndlisi tərəfindən tələb edilməsi, Bəhruz Rəhimov
yeni tikdirdiyi fərdi yaşayış evinə qaz çəkilməsi, Əjdər Piriyev ümumi istifadədə olan örüş sahəsindən istifadəsinə maneçilik törədilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçığın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.