Mollaməmmədli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
12 oktyabr 2022 | 09:08
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mollaməmmədli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Mollaməmmədli kəndi qazlaşdırılıb, kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, Mollaməmmədli kəndinin sakinlərinin də istifadə etdiyi kəndlərarası 15,5 km avtomobil yolu tikilib və asfaltlaşdırılıb, kənddə olan 3 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, kənd qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 0,5 km hasar tikilmiş, 1 darvaza əsaslı təmir edilmiş, 1 talvar, içməli su üçün 1 ədəd çən quraşdırılmış, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Mollaməmmədli kəndində 5 fermerə güzəştli şərtlərlə 33 baş südlük istiqamətli cins heyvan satılmış, kənddə su qülləsi quraşdırılmış, küçələrdə bulaqlar tikilmiş, kənddə 0,4 km açıq dren-kanal lildən təmizlənmişdir.
2021-ci ildə 91 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 273 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 4 qutu ipək qurdu bəsləmiş, hər qutudan 62,75 kq olmaqla 251 kq barama təhvil verilmiş, 2022-ci ildə 92 hektar sahədə pambıq əkilməsi barədə fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımına hazırlıq işləri aparılır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mollaməmmədli kənd sakinləri Hökumə Məmmədova internetin sürətinin az olması, Hidayət Şirinov kənddə elektrik verilişinin tez-tez dayanması, Nizami Rəhimov içməli su üçün bir ədəd artezian quyusunun qazılması, İlham İbrahimov kollec təhsilli qızının işlə təmin edilməsi, Gülgəzli kənd sakinləri Mehman Abbasov fərdi yaşayış evinin təmir edilməsi, Kamal Əhmədov işlə təmin edilməsi, Altay Bayramov Özünüməşğulluq proqramında növbədə olan oğluna avtotəmir emalatxanası üçün aktiv verilməsi barədə müraciətlər etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.