Mülki müdafiə sahəsində 2025-ci ilin yekunu və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı metodiki toplantı keçirilmişdir
Bərdə Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin məsul şəxslərinin, rayonun təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə rəhbər şəxslərinin, müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin, RİHB-nin şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə metodiki toplantı keçirilmişdir.
Toplantını giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Damət Ələkbərov çıxış edərək mülki müdafiə sahəsində 2025-c i il ərzində görülmüş işlərə nəzər salaraq mövcud vəziyyəti təhlil etmiş, 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə məlumat vermiş və rayon ərazisində mülki müdafiə işinin təşkili istiqamətində qurumlararası əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin rəisi Elvin Əlizadə çıxışında mülki müdafiə sahəsində həyata keçirilən tədbirlər, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər və bu sahədə tətbiq edilən yanaşmalar barədə iştirakçılara ətraflı məlumat vermiş, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlarda mülki müdafiə işinin təşkili zamanı aşkar olunan problemlərə toxunaraq onların aradan qaldırılması istiqamətində konkret təkliflər səsləndirmişdir.
Qarabağ Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti İntiqam Mikayıllı çıxış edərək 2026-cı il üçün idarə, müəssisə və təşkilatlarda mülki müdafiə tədbirləri planlarının hazırlanması və təsdiq edilməsi, mülki müdafiə qüvvələrinin yaradılması və komplektləşdirilməsi, həmçinin mülki müdafiə üzrə təlim və məşqlərin təşkili məsələləri barədə ətraflı məlumat vermişdir.
Sonda mülki müdafiə sahəsində fəaliyyətin təkmilləşdirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi və qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması məqsədilə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.






