Nəcəfqulubəyli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
Qəbulda rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, ölkəmizin ərazi bütövlüyünün təminindən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, həmçinin rayonumuzda, o cümlədən Yeni Əyricə kənd inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdə, o cümlədən Nəcəfqulubəyli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur.
Son illər Yeni Əyricə kənd inzibati ərazi dairəsinin əhatə etdiyi 6 kəndin hamısı qazlaşdırılıb, kəndlərin 24,5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 10,2 km açıq dren kanallar lildən təmizlənib, Əyricə kəndi ilə Yeni Əyricə kəndini birləşdirən yolun Tərtər çayı üzərindəki körpü tikilib, 2 km yol asfaltlaşdırılıb, Yeni Əyricə kəndində yol kənarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin elektrik xətti qurulub, Yeni əyricə kəndində xəstəxanaya 350 metr məsafədən içməli su çəkilib, 20 Yanvar şəhidlər xiyabanı və bələdiyyənin inzibati binası təmir edilib, 1 ədəd körpü yenidən qurulub, Əyricə kəndində tam orta məktəbə 1,5 km məsafədən içməli su çəkilib, Mirzalıbəyli kəndində 220 şagird yerlik tam orta məktəb tikilib, kəndin 1 km baş yolu asfaltlaşdırılıb, 1 ədəd su keçidi yenidən qurulub, Qaraməmmədli kəndində 1 ədəd körpü yenidən qurulub, Kərimbəyli kəndinin 0,4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, kəndin içməli su şəbəkəsi tikilib, ərazidə su qülləsi quraşdırılıb, küçələrdə 7 bulaq inşa edilib, Nəcəfqulubəyli kəndində 56 şagird yerlik ibtidai məktəb tikilib, kəndin içməli su şəbəkəsi inşa edilib, 1 su qülləsi quraşdırılıb, küçələrdə 10 bulaq tikilib, kəndlərin təsərrüfat arxlarının lildən təmizlənməsi, ərazilərin yaşıllaşdırılması üçün ardıcıl tədbirlər görülmüş, yaşayış məntəqələri daima məişət tullantılarından təmizlənir, kəndlərin elektrik şəbəkəsinin yenidən qurulması və elektrik xətlərinin kabelləşdirilməsi işi davam etdirilir .
2021-ci ildə ərazidə 289 hektar sahədə pambıq əkilmiş, hər hektardan 28 sentner olmaqla 809 ton məhsul istehsal edilmiş, 20 qutu barama bəslənmiş, hər qutudan orta hesabla 39 kq olmaqla 780 kq barama istehsal edilmişdir. 2022-ci ildə ərazidə 385 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış və artıq səpin başa çatdırılmış, hazırda 20 qutu barama bəslənir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Nəcəfqulubəyli kənd sakinləri Kamran Məmmədov kəndin 10-kV-luq 1 ədəd dirəyin yenisi ilə əvəz edilməsi, birinci Qarabağ müharibəsi veteranı Çingiz Namazov kəndin ərazisində olan 1 ədəd 60 kV-luq elektrik güc transformatorunun yenisi ilə əvəz edilməsi, şəhid atası Bərxudar Nağıyev pay torpağına gedən yolun genişləndirilməsi, şəhid atası Nizam Elyasov işlə təmin, Əyricə kənd sakini İradə Həsənova kəndin elektrik şəbəkəsinin kabelləşdirilməsinin başa çatdırılması, Nəcəfqulubəyli kənd sakini Elnarə İsayeva ailəsinin dağılması ilə əlaqədar pay torpağının ona aid hissəsinin ayrılıb ona verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.