Piyadalar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
20 aprel 2023 | 18:16
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Piyadalar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, suvarma üçün 4 ədəd subartezian quyusu qazılıb, kəndin baş yolu “43 saylı Yol İstismar” MMC tərəfindən qum-çınqılla əsaslı təmir edilib, Piyadalar kəndinin ad göstəricisi əsaslı təmir edilib, kənddə küçə kabelləşdirilməsi aparılıb.
2022-ci ildə 170 hektar sahədə pambıq əkilmiş, hər hektardan 34 sentner olmaqla 578 ton pambıq istehsal edilmişdir. İnzibati ərazi dairəsində 6 nəfər kümçü 12 qutu barama götürüb saxlamış, hər qutudan 41 kq olmaqla 492 kq barama istehsal edilmişdir. 2023-cü ildə 122 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 58 nəfər fermer pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlanmış, sahələr şumlanmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Xanım Həsənova 6,2 km uzunluqda Kətəlparaq-Piyadalar kəndlərarası yolun asfaltlaşdırılması və kəndin içməli su ilə təminatında çətinlik yarandığı üçün 1 ədəd artezian quyusunun qazılması, Nazim Zeynalov Piyadalar kəndinin ərazisinə suvarma məqsədilə Tərtər rayonundan çəkilmiş Qaraqoyunlu arxının 2 km hissəsinin lildən təmizlənməsi və arxda suyun limitinin artırılması, Şahin Quliyev Piyadalar kəndində “Toxmaq” adlanan ərazidə 35 hektar əkin sahələrinin suvarılmasında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, Münəvvər Məmmədova 0,4 ha əkin sahəsinin suvarılmasında çətinlik çəkdiyi, Çingiz Cəfərov özünə məxsus fərdi yaşayış evinin internet rabitəsi ilə təmin olunması, Samir Zeynalov Vətən müharibəsinin iştirakçısı olduğunu bildirərək işlə təmin olunması, Çərkəz Zeynalov kənd həkim məntəqəsində ixtisaslı həkim çatışmazlığını bildirərək, yeni kadr təyin olunması, Bayram Həsənov Piyadalar kəndinin internet ilə təminatının yaxşılaşdırılması barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.