Qaratəpə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
19 iyul 2023 | 15:03
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qaratəpə kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə Qaratəpə kəndi qazlaşdırılıb, kənd ərazisində 11 km açıq dren kanallar lildən təmizlənmiş, içməli su şəbəkəsi çəkilən küçələrdə 19 bulaq tikilmiş, 14 km daxili yollar qum-çınqılla əsaslı təmir edilib, 80 şagird yerlik modul tipli ümumi orta, 20 şagird yerlik modul tipli ibtidai məktəblər tikilmiş, 1 ədəd artezian quyusu 2021-ci ildə əsaslı təmir olunmuşdur.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Qaratəpə kənd sakinləri, Əziz Muradov kəndin içməli su ilə təminatında çətinlik yarandığı üçün 1 ədəd artezian quyusunun qazılması, Adil Sadıqov işlə təmin olunması, Həsən Nəbiyev kənddə internetin sürətinin aşağı olması, Adil Rəsulov Qaratəpə kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Laçın rayonundan olan məcburi köçkün Yelmar Ağalarov Qaratəpə kəndinin ərazisində olan 600 hektar pay torpaqlarının suvarılmasına xidmət edən R-13 paylayıcı şəbəkəsinin qarşısındakı suvarma arxının 600 metr hissəsinin lildən təmizlənməsi və kənddə dren arxın üzərindən suvarma arxına keçən su turbasının 2 yerdən deşildiyi üçün qaynaq edilməsi, Qaçay Mehdiyev Vətən müharibəsinin iştirakçısı olan oğlunun işlə təmin olunması, Qalib Şahvələdov istifadəsində olan 4,5 hektar bələdiyyənin ehtiyat fondu torpağının icarə müddəti bitdiyi üçün yenidən öz icarəsinə verilməsi, İnzibati ərazi dairəsinin Nazırlı kənd sakinləri, Firdovsi Kərimov 600 hektar pay torpaqlarının suvarılmasına xidmət edən R-13 paylayıcı şəbəkəsinin üzərində yerləşən nasosun idarəetmə şitinin təmir edilməsi, Mirağa Əliyev Kür çayının üzərində olan su nasosuna dizel yanacağının verilməsində çətinlik yarandığı barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.