Şahvəlilər kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
15 fevral 2023 | 13:44
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Şahvəlilər kəndində həyata keçirilən tədbirlər, görülən işlər, qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rayon sakinləri tərəfindən edilən yardımlar barədə qısa məlumat verdi.
Son illər Şahvəlilər kəndi qazlaşdırılmış, kəndin aşağı gərginlikli elektrik şəbəkəsi tam yenidən qurulmuş, 2 km daxili yollar qum-çınqılla əsaslı təmir edilmişdir. Kənd tam orta məktəbi üçün yeni bina tikilmiş, kənddə suvarma üçün 4 ədəd subartezian quyusu qazılmış, mobil telefon üçün “Azercell” tərəfindən qüllə tikilmişdır.
Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin ətrafında sıx birləşmiş, iqtisadiyyatın yüksəlməsi üçün bütün qüvvələrini səfərbər etmişlər.
2022-ci il ərazidə 25,34 hektar pambıq əkilmiş, hər hektardan 22 sentner olmaqla 55 ton məhsul istehsal edilmişdir. 2023-ci il üçün ərazidə 15 hektar pambıq əkilməsi nəzərdə tutulub, indiyədək 5 hektar sahədə pambıq əkilməsi üçün fermerlər istehsal müəssisələri ilə müqavilə bağlamış, yazlıq əkinlər üçün torpaqlar şumlanmış və hazırda arat aparılır. 2022-ci ildə 4 kümçü 20 qutu ipək qurdu saxlamış, hər qutudan 40 kq olmaqla 800 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.