Seyid Yusifli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Seyid Yusifli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Seyid Yusifli kəndi qazlaşdırılıb, sakinlərin hər bir ailəsinin həyətinə içməli su çəkilib, kənddaxili 2,5 km yollar qum-çınqılla əsaslı təmir edilib, kəndi elektrik enerjisi ilə təmin edən 35 kv-luq elektrik xətləri yenidən qurulub, aşağı gərginlikli elektrik xətləri kabelləşdirilib, işğaldan azad edilmiş Tərtər rayonunun Çaylı kəndindən gələn təbii su arxı yenidən işlənilib, Seyid Yusifli kəndini də əhatə edən 27 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yol qurulub və asfaltlaşdırılıb.
2021-ci ildə 3 kümçü tərəfindən 10 qutu ipək qurdu bəslənmiş, 400 kq barama istehsal edilmişdir. 2022-ci ildə 1 nəfər kümçü 4 qutu ipək qurdu bəsləmiş, 175 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Seyid Yusifli kənd sakinləri Musa Qasımov 811 reper nömrəli subartezian quyusunun bərpa edilməsi, Səbuhi Yusifov Qayalı kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Novruz Əliyev həyat yoldaşının dayandırılmış sosial müavinətinin bərpa edilməsi, Köçəri Ağamalıyev özünüməşğulluq proqramı çərçivəsində ailəsinə mal-qara verilməsi və kənd təsərrüfatı texnikasının çatışmaması, Qayalı kənd sakinləri, Yaqub Mehdiyev yaşadığı küçədə aşağı gərginlikli elektrik şəbəkəsinin qəzalı vəziyyətdə olan 1 ədəd elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Rahib Əsgərov məktəbin həyətində tədris üçün modul tipli bina verilməsi, Cavanşir Qocayev yaşadığı fərdi yaşayış evinin sənədləşdirilməsi, Cicimli kənd sakini Səadət Təhməzova bacısına həyətyanı torpaq sahəsi verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri Azərbaycan torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.