Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyad Salahlı: “Prezident İlham Əliyev dinlər arasında qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir”

27 oktyabr 2023 | 11:08
Bərdə rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfransın növbəti günündə idarə və təşkilatların rəhbər şəxsləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din siyasətinin əsas məqsədi respublikamızda dinlərarası və məzhəblərarası tolerantlıq mühitini qoruyub saxlamaqdır. İ.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda, eləcə də Bərdə rayonunda dini sabitliyin hökm sürməsi həmin siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
“Prezident İlham Əliyev sivilizasiyalar, dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir”. Bu fikirləri isə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib. S.Salahlı bildirib ki, bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Respublikamızda bütün dinlərin və onların mənsublarının bərabər hüquqlu olduğunu qeyd edən DQİDK sədrinin birinci müavini deyib ki, Azərbaycanda tarixən formalaşmış məzhəblərarası birlik və həmrəyliyin yeni mərhələsi kimi müxtəlif məzhəblərin vəhdət halında birgə ibadət etməsi yüksək maraq doğurur. S. Salahlının sözlərinə görə, müasir dövrün çağırışlarını nəzərə alaraq ölkəmizdə dinlərarası həmrəyliyin daha da gücləndirilməsi, dini etiqad azadlığının təmin olunması, dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov çıxışlarda milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini, həmçinin dini maarifləndirmə işinin əhəmiyyətini diqqətə çatdırıblar. Natiqlər, eyni zamanda gənclər arasında xurafatın, zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların qarşısının alınması istiqamətində görülən işlərdən də bəhs ediblər.
Keçidlər