Soğanverdilər kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
Qəbulda rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Soğanverdilər kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək ölkəmizdə gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən layihələrdən, həmçinin Soğanverdilər kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işlərindən, həyata keçirilən layihələr istiqamətində görülən işlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Soğanverdilər kəndi də qazlaşdırılıb, 1,9 km Soğanverdilər-Piyadalar yolu, kəndin 7 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, əkinlərin suvarılması üçün 11 ədəd subartezian, içməli su üçün 1 ədəd artezian quyusu qazılıb, 360 şagird yerlik müasir memarlıq üslubunda tam orta məktəb tikilib, mövcud xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, kəndin ərazisindən keçən Bərdə-Ağcabədi yolunun kənarında yaşıllıq sahəsi salınaraq abadlaşdırılmış, ərazidə 1500 ağac əkilmişdir. 2021-ci ildə 60 hektar sahədə pambıq əkilmiş, 174 ton məhsul istehsal edilmiş, 4 kümçü tərəfindən 10 qutu ipək qurdu saxlamış, 410 kq barama təhvil verilmişdir. Baramaçılığın inkişaf etdirilməsi üçün son illər kəndin ərazisində 7000 ədəd, o cümlədən 5000 ədəd Çindən gətirilmiş, 2021-ci ildə 200 ədəd çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Vaqif Süleymanov elektrik enerjisinin verilməsində yaranan fasilələrin aradan qaldırılması, Tofiq Babayev kənd sakinlərinin içməli su ilə təmin edilməsi üçün artezian quyusunun ətrafında su çəninin quraşdırılması, Rasim Həmidov kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi, Vətən müharibəsi qazisi İbad Novruzzadə həyətyanı torpaq sahəsinin verilməsi, Yunis Ələsgərov subartezianın dərinlik nasosunun bərpa edilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə, əhalinin sosial müdafiəsinə, kəndlərdə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.