Tağılar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.
26 avqust 2023 | 17:11
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Tağılar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, kəndin daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 0.5 km açıq dren-kanallar lildən təmizlənib, 0,4 kv-luq elektrik xətlərinin təqribən 30 faizi kabelləşdirilib, yeni GPON internet-rabitə xəttinin çəkilməsi üçün dirəklər basdırılmış, 1 ədəd 40 kv-luq elektrik güc transformatoru 100 kv-luq elektrik güc transformatoru ilə əvəz olunmuş, 2 ədəd subartezian quyusu qazılıb sakinlərin istifadəsinə verilmiş, kənd tamamilə içməli su ilə təmin olunmuşdur.
2022-ci ildə kənddə 4 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 14 ton pambıq istehsal edilib.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Oqtay Fərzəliyev Yevlax rayonu ərazisində olan su anbarından kəndin ərazisinə gələn 2 km uzunluqda torpaq bəndi olan kanalın beton plitələr vasitəsi ilə çəkilməsi və “Tələbə yeri” adlanan ərazidə 60 hektar pay torpaqlarının suvarılmasında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, Azər Qarayev Tağılar kəndinin ərazisində suvarma arxının üstündən salınmış körpüyə qəzalı vəziyyətdə olduğu üçün 1 ədəd beton dirək verilməsi və “Kəndin üstü” adlanan ərazidə 17 hektar pay torpaqlarının və 15 hektar örüş yerinin suvarılmasında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, Niyaməddin Məmmədov Birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşı Məmmədov Ziyəddin Ziyad oğlunun adının əbədiləşdirilməsi, İbadət Fərzəliyev kənddə internetin sürətinin aşağı olması, Lalə Şükürova yaşadığı fərdi yaşayış evinin həyətində qəzalı vəziyyətdə olan 1 ədəd 0,4 kv-luq elektrik dirəyinin yerinin dəyişdirilməsi, Əzim Baxşəliyev maddi vəziyyətinin çətin olduğunu bildirərək Özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvan verilməsi və işlə təmin olunması barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.