Təhlə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
17 mart 2023 | 16:06
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Təhlə kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd ümumi orta məktəbi üçün modul tipli yeni bina tikilmiş, Təhlə kəndi ərazisində salınmış məcburi köçkün qəsəbəsindən Təhlə kəndinə qədər olan 1,8 km yol qum-çınqılla düzlənmiş, kəndin ərazisində bütün elektrik xətləri kabelləşdirilmişdir.
2022 ci ildə ərazidə 1864 hektar pambıq əkilmiş, hər hektardan 30.8 sentner olmaqla 5755 ton məhsul istehsal edilmişdir. 2022-ci ildə 2 kümçü 5 qutu ipək qurdu saxlamış, hər qutudan 35 kq olmaqla 175 kq barama təhvil verilmişdir. 2023-ci il üçün ərazidə 1700 hektar pambıq əkilməsi nəzərdə tutulub.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Hümbət Cəbrayılov Təhlə kəndinə təbii qaz çəkilməsi və kəndin 1,5 km uzunluqda baş yolunun asfaltlaşdırılması, şəhid atası Ağamməd Məmmədov Təhlə kəndində yaşadığı 300 metr uzunluqda küçənin işıqlandırılması, Şərqiyyə Muradova Təhlə kəndində həkim məntəqəsinin tikilməsi və kənddə istifadəsinə əkinə yararlı torpaq sahəsinin verilməsi, Fateh Süleymanlı Vətən müharibəsi iştirakçısı olduğunu bildirərək müalicə xərclərinin qarşılanması, Teymur Mirişov maddi vəziyyəti çətin olduğu üçün Ünvanlı Dövlət Sosial Yardım almasına köməklik göstərilməsi və maddi yardım edilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.