Şriftin ölçüsü :

Saytın rəngi :

Tumaslı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

03 mart 2023 | 12:14
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Tumaslı kəndində həyata keçirilən tədbirlər, görülən işlər, qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rayon sakinləri tərəfindən edilən yardımlar barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılmış, 2,9 km su xətti çəkilib, 8 ədəd bulaq tikilmiş, kəndin ərazisində 6 km açıq dren-kanal lildən təmizlənmiş, təsərrüfatlararası 4,5 km su arxları lildən təmizlənib, kəndin 40 faiz elektrik xətləri kabelləşdirilib, Yuxarı Qarabağ kanalından Mingəçevir-Bəhrəmtəpə yolunun altından keçən 750 mm-lik su xətti çəkilmiş, 400 hektar torpaqların suvarılması yaxşılaşdırılmışdır. Alpout-Qarayusifli-Tumaslı kəndlərarası 5,5 km yol vaxtaşırı qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin edilmişdir.
2022-ci ildə inzibati ərazi dairəsində 1 nəfər kümçü 15 qutu barama götürüb saxlamış, hər qutudan 35 kq olmaqla 525 kq barama istehsal edilmişdir. 2023-cü ildə 45 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 12 nəfər fermer pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamış, 38 ha sahədə şum aparılmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Rafiq Vəliyev Tumaslı kəndinin internet ilə təminatının yaxşılaşdırılması, Şakir Hüseynov Yuxarı-Qarabağ kanalından kəndin ərazisinə çəkilmiş 400 metr uzunluqda suvarma arxının lildən təmizlənməsi, Tofiq Əliyev qəzalı vəziyyətdə olan Tumaslı kənd ümumi orta məktəbi üçün yeni bina tikilməsi, Vüsal Nəbiyev Tumaslı kəndinin elektrik şəbəkəsinin kabelləşdirilməsinin başa çatdırılması, Səttar İbadov Tumaslı kəndinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd artezian quyusunun qazılması, Akif Nəcəfov 5,5 km uzunluqda Alpout-Qarayusifli-Tumaslı kəndlərarası yolun asfaltlaşdırılması, Elmidar Nəcəfov sonradan tikdirdiyi fərdi yaşayış evinin yaxınlığından keçən 10 kV-luq elektrik xəttinin bağlandığı dirəyin qəzalı olduğu üçün yenisi ilə əvəz olunması, Fərhad Kazımov Tumaslı kəndinin Mehdili kəndi ilə sərhəddində yerləşən 80 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün su keçidinin yerinin dəyişdirilməsi, Azər Qəhrəmanov Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolundan Tumaslı kəndinə giriş üçün yolun açılması, Rauf Hacıyev qonşusu tərəfindən mal-qaranın çirkab sularının həyətyanı sahəsinə qanunsuz axıdılması barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər