Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev müasir, müstəqil Azərbaycanın qurucusu və memarıdır" adlı tədbir keçirilmişdir.
03 may 2023 | 10:18
Əvvəlcə müstəqil, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin direktoru Arifət Əhmədova Ulu Öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə etmişdir. O bildirdi ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Bu gün Ümummilli Liderin müdrik, əbədiyaşar ideyaları Dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasətində əks olunur. Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbuhi Qasımov çıxış edərək vurğuladı ki, Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun müstəqil dövlətimizə və xalqımıza qazandırdığı tarixi Zəfər məhz Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
Sonra Bərdə şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbin direktoru Səfurə Hümbətova qeyd etdi ki, insanlar tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev "Heydər Əliyev və Azərbaycan təbiəti " mövzusunda slayd təqdimat etmişdir. O,vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bərdə rayon Şorəlli kənd tam orta məktəbin direktoru Gülnarə Əliyeva çıxışında qeyd etdi ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedaqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Sonra Ulu Öndərin Bərdə səfərləri zamanı görüşdüyü sürücü mexanizator Adibə Əhmədova öz xatirələrini bölüşdü. Daha sonra Bərdə ASAN Xidmət Mərkəzinin Könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov bildirdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını bir daha sübuta yetirmiş oldu. Tədbirin yekununda Mərkəzin elan etdiyi inşa yazı müsabiqəsinin ilk üç yer üzrə qalibləri təltif olundu.