Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun ordeni Bərdədə ailəsinə təqdim edildi
03 avqust 2022 | 11:33
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli Sərəncamı ilə Abışov Asif Əlövsət oğlu ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Vətən müharibəsi şəhidi Asif Abışovun ordeni YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik -leytenant Samir Səfərov və SHXÇDX Bərdə rayon şöbəsinin nümayəndəsi kapitan Samir Məmmədovun iştirakı ilə şəhidin ailəsinə təqdim edilmişdir.
Mərasimdə Asif Abışovun ailəsi şəhidin böyük döyüş yolundan danışmışlar. Bildirmişlər ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı Vətən müharibəsi başlananda Abışov Asif Əlövsət oğlu kiçik çavuş olaraq hərbidə 10 ildən çox idi ki, Vətənə xidmət edirdi. Müharibə başlanan ilk gündən döyüşlərə atılan Asif Abışov öz cəbhə yoldaşları ilə birlikdə Füzulinin, Xocavəndin düşmən işğalından azad edilməsi uğrunda ön xətdə böyük igidliklər göstərmişdir. Noyabrın 2-də Xocavənd uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Asif Abışovun döyüş şücaətləri yüksək qiymətləndirilmiş, müvafiq sərəncamlarla ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Ordenin təqdim edilməsi mərasimində Vətən müharibəsində Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən, qazandığı böyük tarixi Qələbədən danışılmışdır. Bildirilmişdir ki, qəhrəman oğullarımızın ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlıqlar bugün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhid Asif Abışovun ailə üzvləri, valideynləri İsbət ana, Əlövsət Abışov və əkiz qardaşı Arif Abışov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində xalq iqtidar ordu birliyinin möhkəmliyindən danışmış, dövlət səviyyəsində şəhid analarına və müharibə əlillərinə, iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.