YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyinə həsr edilmiş təntənəli tədbir keçirib
20 noyabr 2026 | 15:26
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Milli Məclisin deputatı Xanlar Fətiyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ağsaqqallar, təşkilatın ilk üzvləri və fəalları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məruzə ilə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya iştirakçıları partiyanın yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edib, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi şərəfli tarixi yoldan və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini və əldə olunan tarixi Zəfərlərin bu siyasətin nəticəsi olduğunu vurğulayıb.
Çıxış edən YAP üzvü olan şəhid anası Arzu Hüseynzadə, rayon təşkilatının ilk üzvlərindən olan rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov və Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin rəhbəri Ceyhun İsmayılzadə Ulu Öndər Heydər Əliyevin partiyanın yaradılmasındakı tarixi rolundan, ölkəmizin çətin dövrdə üzləşdiyi təhlükələrin aradan qaldırılmasında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının üzvü olmağın qürur və fəxarət hissi doğurduğu qeyd edilib.
Tədbir çərçivəsində partiyaya yeni qəbul olunan bir qrup üzvə üzvlük vəsiqələri təqdim edilib.
Rəsmi hissə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin hazırladığı bədii hissə, bayram konserti ilə davam etdirilib.






