Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd olunub

14 mart 2024 | 09:33
Martın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının yaradılmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu deyib, partiyanın yarandığı gündən etibarən şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini bildirib. O qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə, böyük tarixi və əbədi zəfərlərə imza atır. Bu uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin təmin olunması dayanır.
Faqət Şadlinskaya rayon təşkilatının 31 il ərzində keçdiyi yola da nəzər salıb. O bildirib ki, bu gün sıralarında 12 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü il 13 mart tarixində təsis edilib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Ulu Öndər Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır: “Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi zəfərlər əldə edir”.
“Vətənə xidmətə görə” ordenli şəhid Asif Abışovun anası İsbət Hətəmova, Qarabağ müharibəsi veteranı Aqşin Hacızadə, Qarabağ müharibəsi veteranı Gəray Əsədov, partiyanın fəal üzvləri Yaşar Zamanov, Rzaqulu Şərifov, gənc fəal Kəmalə Rəfibəyli çıxışlarında şərəfli inkişaf yolu keçən partiyanın müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını deyiblər.
Tədbirin sonunda 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasında və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Keçidlər