Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

13 iyul 2023 | 10:18
“Heydər Əliyev İli” çərçivəsində iyulun 12-də Bərdə rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib.
Görüşdə YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Veteranlar Şurasının üzvü, “91”lərdən olan Sudeyif İmamverdiyev və Bərdə, Tərtər, Ağcəbədi, Füzuli, Ağdam, Xocəvənd, Laçın rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək Şəhidlər abidəsi önünə əkil qoyublar. Sonra mülki şəhidlərin xatirəsinə salınmış Xatirə lövhəsinin önünə tər qərənfillər düzərək xatirələrini ehtiramla anıblar.
Daha sonra Heydər Əliyev parkında təşkil olunmuş sərgiyə baxış keçirilib və şəhər 3 saylı tam orta məktəbin şagirdləri kompozisiya təqdim ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya “Heydər Əliyev İli” ilə əlaqədar YAP-ın silsilə tədbirlər keçirdiyini xatırladıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən Faqət Şadlinskaya dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. O bildirib ki, Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi vacibdir.
YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Heydər Əliyev bütün həyatını doğma xalqına həsr etmiş, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. O xatırladıb ki, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini təklif etdi. Çünki xalqın ümidi məhz Heydər Əliyevə idi. Ulu Öndərin cavabı müsbət oldu, 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında isə Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas etdi.
YAP Veteranlar Şurasının üzvü, “91” lərdən olan akademik Sudeyif İmamverdiyev vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.
S.İmamverdiyev qeyd edib ki, hər bir xalqın tarixində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətləri var. Azərbaycan xalqının tarixində də məhz belə bir şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. Akademik bildirib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və dünyada güclü, nüfuzlu dövlətə çevrilib.
Keçidlər